Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin təşəbbüsü ilə respublikanın müxtəlif bölgələrində kikboksinq üzrə yoldaşlıq görüşləri davam edir. Bu silsilə çərçivəsində 26 iyul 2026-cı il tarixində Xocəsən qəsəbəsindəki Mübarizlər İdman Klubunda növbəti yoldaşlıq görüşü keçirilib. Görüşün təşkilatçısı RM İdman Klubu, onun baş məşqçisi Tural Cavadov olub.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarşılaşmalardan əvvəl görüşün baş hakimi, WAKO Dünya və Avropa çempionu Elşad Ələsgərov idmançılar üçün qısa maarifləndirici seminar keçirib. O, yarış qaydaları, xalların hesablanması, idman etikası və təhlükəsizlik qaydaları barədə məlumat verib. Seminar xüsusilə yeni başlayan idmançıların qaydaları daha yaxşı mənimsəməsi və rəsmi yarışlara düzgün hazırlaşması məqsədi daşıyıb.
Yoldaşlıq görüşündə RM, Mübarizlər, Qələbə, Zülfüqar və Xocəvənd idman klublarını təmsil edən 50-yə yaxın idmançı iştirak edib.
Belə görüşlərin əsas məqsədi yeni başlayan idmançıların inkişafına dəstək vermək, onların yarış təcrübəsini artırmaq, rəsmi yarış mühitinə uyğunlaşmasını sürətləndirmək və özünəinamlarını gücləndirməkdir.
Mənbə: WAKO Azerbaijan (Facebook)