7 iyun 2026 tarixində Qusar Olimpiya İdman Kompleksində yeniyetmələr və kadetlər arasında Qızıl Qartal İdman Klubunun Açıq Birinciliyi keçirilir. Yarış Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Qızıl Qartal İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunub.
Turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 19 klubun 152 idmançısı, o cümlədən 17 qız idmançı mübarizə aparır. Yarışlar 1 rinq və 1 tatamidə keçirilir, qarşılaşmaları 12 hakimdən ibarət hakimlər briqadası idarə edir.
Bu yarış qaliblərin müəyyənləşdirilməsi ilə yanaşı, gənc idmançıların yarış təcrübəsinin artırılması, onların bacarıqlarının inkişaf etdirilməsi və gələcək çempionların üzə çıxarılması baxımından da böyük əhəmiyyət daşıyır.
Azərbaycan Kikboksinq Federasiyasının əsas məqsədlərindən biri kikboksinqin bölgələrdə daha da inkişaf etdirilməsi, kütləviliyinin artırılması, yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb olunması və onların idmana marağının yüksəldilməsidir. Belə yarışlar regionlarda idmanın inkişafına, gənclərin asudə vaxtının səmərəli təşkilinə və yeni istedadların aşkar olunmasına mühüm töhfə verir.
Mənbə: WAKO Azerbaijan (Facebook)