18–21 iyun 2026 tarixlərində Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə gənclər, yeniyetmələr və yeniyetmə kadetlər arasında XXX Azərbaycan Birinciliyi keçirilib. Yarış Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Gənclər və İdman Nazirliyinin məlumatına görə, yarışa 28 şəhər və rayonun 82 klubundan ümumilikdə 636 idmançı qatılıb. Federasiyanın yarış ərəfəsində açıqladığı rəqəmlərə əsasən, onlardan 535-i oğlan, 101-i qız idmançı idi. Qarşılaşmalar üçün 2 rinq və 1 tatami quraşdırılmış, hakimlər heyəti 28 nəfərdən ibarət olmuşdur.
Yarışın yekununda fərqlənənlər müəyyənləşdirilib. Tatami üzrə ən yaxşı idmançı Hüseyn Babazadə (DİN İK), ən yaxşı məşqçi İlkin Budaqov (Aslan İK), ən yaxşı hakim isə Ruslan Musayev seçilib. Rinq üzrə ən yaxşı idmançı adına Həsən Allahyarov (AKF Gəncə İK), ən yaxşı məşqçi adına Əsgər Rəhimov (Abşeron İK), ən yaxşı hakim adına isə Ramiz Nadirov layiq görülüb.
Birinciliyin təşkili və keçirilməsindəki əməyinə görə Qərb Regionunun sədri Anar Məmmədov təltif olunub. “Ən əzmkar komanda” adına Dragon Fight Academy (məşqçi Elnur Hemidov) layiq görülüb.
Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi bütün qalibləri, mükafatçıları, məşqçiləri, hakimləri, təşkilatçıları və yarışda iştirak edən idmançıları təbrik edir, onlara gələcək yarışlarda yeni uğurlar arzulayır.
Mənbə: WAKO Azerbaijan (Facebook)