5–6 sentyabr 2026-cı il tarixlərində Balaxanı İdman Zalında Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.
Yeniyetmələr və kadetlər arasında təşkil olunan yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilati dəstəyi ilə “Vətən” İdman Klubu tərəfindən keçirilib. Turnirdə 15 klubdan 140 idmançı iştirak edib. İdmançılar rinq və tatami bölmələrində müxtəlif çəki və yaş kateqoriyalarında qalibiyyət uğrunda mübarizə aparıblar.
Turnirin keçirilməsində əsas məqsəd Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq və idmançılar arasında vətənpərvərlik ruhunu daha da gücləndirmək olub.
Yarışın təşkilatçısı “Vətən” İdman Klubunun direktoru Anar Heydərquliyev, baş hakimi isə Elşən İsayev olub.
Klublar arasında medal sayına görə birinci yeri “Şərur_Sebra”, ikinci yeri “Şəhid İman və Bəhram”, üçüncü yeri isə “Komanda” idman klubu tutub.
Mənbə: WAKO Azerbaijan (Facebook)