11 sentyabr 2026-cı il tarixində Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Vətən Müharibəsinin 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yeniyetmələr arasında kikboksinq turniri keçirilib. Turnir Suraxanı rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunub. Federasiyanın yarışdan əvvəl yaydığı məlumata görə, turnirdə 200-dən çox gənc kikboksçunun mübarizə aparması nəzərdə tutulurdu.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, federasiyanın fəxri prezidenti Adil Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin qəhrəmanlığının heç zaman unudulmayacağını, onların xatirəsinin yaşadılmasının və keçdikləri şərəfli yolun gənc nəslə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu bildirib. O, belə tədbirlərin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Federasiyanın prezidenti Orxan Əliyev şəhid analarına, qonaqlara, idmançılara və məşqçilərə ürək sözlərini çatdırıb, şəhidlərin qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edib və yarış iştirakçılarına uğurlar arzulayıb. Orxan Əliyev turnirlə bağlı CBC İdman kanalına da müsahibə verib.
Mənbə: WAKO Azerbaijan (Facebook)