Azərbaycan Kikboksinq Federasiyası

İsmayıllıda kikboksinq üzrə səhər idmanı keçirilib

28 iyul 2026-cı il tarixində "İdman hamı üçün" layihəsi çərçivəsində İsmayıllı şəhərinin Qala Meydanında səhər idmanı keçirilib. Tədbir Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və İsmayıllı XTQ İdman Klubunun baş məşqçisi Bayram Qəhrəmanovun rəhbərliyi ilə baş tutub.

Tədbir zamanı iştirakçılarla ümumi fiziki hazırlıq və gimnastika hərəkətləri yerinə yetirilib, kikboksinq üzrə texniki və taktiki fəndlər nümayiş etdirilib.

Bundan əvvəl, 11 iyul 2026-cı il tarixində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncədəki "Gəncəçay" Park-Bulvar Kompleksində növbəti "Səhər İdmanı" tədbiri keçirilmişdi. Həmin tədbirdə Gəncənin kikboksçuları fəal iştirak edərək fiziki hazırlıq hərəkətləri yerinə yetiriblər.

Federasiya rəhbərliyinin dəstəyi və regional gənclər və idman idarələri ilə qurulan əməkdaşlıq nəticəsində kikboksinq regionlarda inkişaf edir. Belə layihələrin məqsədi gəncləri idmana həvəsləndirmək, fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etmək, yeni istedadları üzə çıxarmaq və kikboksinqə marağı artırmaqdır. Federasiya bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə inanır.

Mənbə: WAKO Azerbaijan (Facebook)

← Xəbərlərə qayıt