15 mart 2026-cı il tarixində Gəncə Olimpiya Kompleksində Azərbaycan Kikboksinq Federasiyasının təqvim planına əsasən "Region Birinciliyi" keçirilib. Azərbaycan Kikboksinq Federasiyası, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi və AKF-in Qərb regionunun birgə təşkilatçılığı ilə baş tutan yarışda 30 komanda üzrə 300-ə yaxın idmançı iştirak edib.
Birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Qərb regionu üzrə Kikboksinq Federasiyasının sədri, idman məktəblərinin direktorları, Gəncə Olimpiya Kompleksinin rəhbərliyi, AKF-in klub nümayəndələri, beynəlxalq və respublika dərəcəli hakimlər, şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyəti və idmançılar iştirak ediblər.
Müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə keçirilən turnir Azərbaycan Kikboksinq Federasiyasının qaydalarına uyğun olaraq təşkil olunub. Birincilikdə I, II və III yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kuboklarla təltif olunublar.
Yarışın ən yaxşı klubu "Şuşa" kikboksinq idman klubu, ən yaxşı məşqçisi Əli Cəfərov, ən yaxşı hakimi isə Şərur Məmmədov seçilib.
Mənbə: WAKO Azerbaijan (Facebook)