13–18 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində WAKO Dünya Kuboku keçirilib. Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin dəstəyi ilə yarışa qatılan komandamız ümumi komanda hesabında 6-cı yeri tutub.
Turnirə 45 ölkədən 3043 nümayəndə, o cümlədən 2530 idmançı qatılıb. Azərbaycan millisi bu mötəbər beynəlxalq yarışda ümumilikdə 38 medal – 15 qızıl, 7 gümüş və 16 bürünc – qazanıb. Ölkəmizi 66 nəfərlik heyət təmsil edib: 50 idmançı, 8 məşqçi və 8 hakim. Milli komanda əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi ilə çıxış edib.
Yarış federasiyanın hakimləri üçün də əlamətdar olub: Elxan Əhmədov WAKO-nun “B” kateqoriyalı hakim statusunu, Məhəmməd Babayev isə “C” kateqoriyasını əldə edib. Federasiya bu nəticənin hakimlərimizin beynəlxalq səviyyədə peşəkar inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Dünya Kuboku çərçivəsində keçirilən KAT PRO peşəkar döyüş gecəsində də Azərbaycan idmançıları uğurlu çıxış ediblər. Rafiq Babazadə və Məhəmməd İmanov Türkiyə və Özbəkistanı təmsil edən rəqiblərinə qalib gələrək reytinq xallarını artırıblar. Hər iki idmançının şəxsi məşqçisi Hakim Hacıyevdir.
Mənbə: WAKO Azerbaijan (Facebook)