15 iyul 2026 tarixində Böyükşor Bulvarında "Bakı 2026 Dünyanın İdman Paytaxtı" layihəsi çərçivəsində kikboksinq üzrə ustad dərsləri və nümunəvi çıxışlar təşkil olunub. Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə Gənclər və İdman Sektorunun və Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin dəstəyi və tapşırığı ilə keçirilib.
Tədbirin keçirilməsinə "Golden Ring Döyüş Məktəbi", "Komando", "XTQ" və "Həzrət" idman bölmələri dəstək göstəriblər. Açıq havada təşkil olunan proqram çərçivəsində təcrübəli məşqçilər və idmançılar kikboksinqin texniki elementlərini nümayiş etdirərək iştirakçılar üçün ustad dərsləri keçiblər.
Tədbirin əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, qeyri-olimpiya idman növlərinin, xüsusilə kikboksinqin geniş ictimaiyyət arasında tanıdılması, onun kütləviliyinin artırılması və yeni istedadların üzə çıxarılması olub. Tədbir iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Federasiya qeyd edir ki, bu cür layihələr ölkədə sağlam həyat tərzinin təbliğinə, gənclərin fiziki inkişafına, kikboksinqin daha da inkişaf etdirilməsinə və beynəlxalq arenada uğurların davamlı olmasına töhfə verir.
Mənbə: WAKO Azerbaijan (Facebook)