2 oktyabr 2026-cı il tarixində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev 18–27 sentyabr tarixlərində İtaliyanın Jesolo şəhərində keçirilən WAKO Yeniyetmə və Gənclərin Dünya Kikboksinq Çempionatında ölkəmizi təmsil edən idmançıları, məşqçiləri və hakimləri qəbul edib.
Görüşdə federasiyanın prezidenti Orxan Əliyev və digər federasiya rəsmiləri iştirak ediblər. Dünya çempionatında əldə olunan nəticələr, idmançıların çıxışları, məşqçilərin fəaliyyəti və hakimlərimizin beynəlxalq arenadakı iştirakı barədə fikir mübadiləsi aparılıb. İdmançıların, məşqçilərin və hakimlərin beynəlxalq yarışlara hazırlığına göstərilən diqqət və dəstək xüsusi qeyd olunub.
Adil Əliyev Azərbaycan kikboksinqinin beynəlxalq uğurlarından danışıb, qarşıdakı yarışlarda daha yüksək nəticələr əldə edilməsi və hakimlərin beynəlxalq səviyyədə fəaliyyətinin inkişafı barədə fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıb.
Fəxri prezident 27–31 avqust tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilən WAKO Dünya Kubokunda iştirak edən və qalib olan idmançıları da qəbul edib. Bundan əlavə, beynəlxalq yarışlarda ölkəmizi təmsil edən digər idmançılarla ayrıca görüşlər keçirilib. Görüşlərdə Azərbaycan kikboksinqinin gələcək inkişafı və qarşıdakı beynəlxalq yarışlara hazırlıq ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə: WAKO Azerbaijan (Facebook)